Bakının mərkəzində qərar tutmuş, özü kimi tarixi də
qədim və zəngin olan Əjdərbəy məscidi.
Abidənin
özəlliyi ondadır ki, o həm də xalq arasında Əjdərbəy, Göy məscid və ya İttifaq
məscidi kimi adlanır.
Məscidin
tikilmə tarixi çox maraqlıdır. Deyilənlərə görə, Nabat
xanım Xocabəy qızı Aşurbəyli-Rzayeva Təzəpir məscidini tikdirməyə başladıqda
qardaşı Əjdər bəy ona kömək təklif edir. Nabat xanım isə cavabında, «əgər belə
imkanınız və hünəriniz varsa, gedin, özünüz bir məscid tikdirin» - deyir və köməkdən
imtina edir. Belə olduqda Əjdər bəy Aşurbəyov 1905-ci ildə məscid tikdirmək qərarına
gəlir və indiki Göy məscidin əsası qoyulur. Beləliklə, məscidin tikilməsi
maraqlı təsadüf nəticəsində baş verib. Deyilənlərə görə, məscidin ilk adı
İttifaq olub. Əjdər bəy Aşurbəyov məscidi tikdirərkən məramı belə olub ki, bura
üz tutan şiələr və sünnilər heç bir maneə olmadan birlikdə namaz qılacaqlar. Bu
ənənə bu günə qədər də qorunub saxlanılır. Maraqlıdır ki, Göy məscid bu günə qədər
İslam dininin hər iki məzhəbindən olan müsəlmanların birlikdə namaz qıldıqları
yeganə məkandır. El arasında məscidin bir neçə adla çağırılmasına gəlincə, bu
da təsadüfi deyil. Günbəzinin rənginə görə, tikili el arasında Göy məscid adı
ilə çağırılır. Əjdər bəy rəhmətə getdikdən sonra məscidə onun adı əlavə olunur.
Digər
müqəddəs yerlər kimi, Göy məscid də sovet hakimiyyəti illərində repressiya hədəfinə
tuş gəlib. Elə tikilinin daxilində İslama zidd elementlərin vurulması buna
bariz nümunədir. İkinci Dünya müharibəsi illərində məscid ibadət yeri kimi
bağlanaraq başqa məqsədlərlə istifadə olunur. Yalnız müharibədən sonra döyüş
iştirakçılarının, xüsusilə də Bakıda yaşayan müsəlman tatarların müraciətindən
sonra məscid yenidən müsəlmanların ixtiyarına verilir.
Memarlıq
üslubuna görə, məscid simvolik görünüşə malikdir: O, həm Kərbəladakı məscidi, həm
Məkkədəki Kəbə evini xatırladır. Tikili inşa edilərkən müsəlman Şərqinə məxsus
geniş memarlıq nümunələrinə diqqət yetirilib. Ölkə prezidenti İlham
Əliyevin fərmanı ilə məsciddə təmir-tikinti işləri aparılıb. Təmir-tikinti işləri
zamanı Göy məscidin əlavə korpusu tikilib. Bu korpusun üst mərtəbəsində
inzibati otaqlar, konfrans zalı inşa edilib. Dəstəmazxana və yuat
yerləri zirzəmidədir.
İbadət mərasiminə məscidin həyətində yer ayrılıb.
Yeni
korpusda mərasim zalı da
nəzərdə tutlub. Burada da əsas məqsəd yas çadrlarının küçələrdən
yığışdırılması, onun qapalı yerdə, yəni məscidin daxilinə keçirilməsidir. Bir
sözlə, bərpa və yenidənqurma işləri məscidi gözəl ibadət evinə çevirib.